Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

12.10.2026 [14:56]

Xəbərin mətni

Biz regional strukturun yaradılması ilə bağlı əqli mülkiyyət sahəsində əməkdaşlığımızı təsdiqləyəcək təkliflər irəli sürmüşük. Regional təşkilatın yaradılması dövlətlərin müstəqil şəkildə qərar qəbul edilməsindən institusional təsbit edilmiş əməkdaşlığa keçidi kimi şərh oluna bilər. Belə bir sual qoyaq: əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? Qərarların qəbul edilməsi hüquqların mərkəzləşdirilmiş səviyyəyə ötürüldüyü halda əldə olunan üstünlüklər nə dərəcədə “qarşılana” bilər? Əslində iştirakçı tərəflərin maraqları həm üst-üstə düşə, həm də düşməyə bilər. Tərəflər bazarın genişləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və infrastrukturun inkişaf etdirilməsi kimi ümumi üstünlüklərin əldə olunmasında maraqlı olmaqla yanaşı, həmin üstünlüklərin və onlarla bağlı yaranan xərclərin bölüşdürülməsi məsələsində rəqabət də ola bilər. Bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.