10 noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix
10.11.2026 [12:40]
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı 44 gün sonra - noyabrın 10-da Ermənistanın siyasi-hərbi rəhbərliyinin kapitulyasiya aktına imza atması ilə nəticələndi. Üçtərəfli Birgə Bəyanatla Ermənistan illərdir davam etdirdiyi işğal siyasətinin iflasa uğradığını rəsmən qəbul etmiş oldu. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin canlı yayımda imzaladılar. Ermənistanın baş naziri Nikol Paşinyanın isə bu kapitulyasiya aktını harada və necə imzaladığı bu günə qədər bəlli deyil. Bu mənzərə müharibənin nəticəsini aydın göstərirdi: şərtləri döyüş meydanında qalib gələn Azərbaycan diktə edir, məğlub Ermənistan isə qəbul edirdi.