MƏDƏNİYYƏT


Yardımlıda Kür-Araz mədəniyyətinə aid 5000 illik kurqanlar aşkarlanıb

Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda bir neçə gündür ki, arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində Kür-Araz mədəniyyətinə aid kurqanların 5000 illik tarixə malik olduğu aydınlaşıb.
AZƏRTAC xəbər verir ki, kurqanlar türk xalqlarının dəfn mədəniyyətində xüsusi yer tutur. Ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin hələ də sirri açılmayıb. Ölkəmizdə saysız kurqan mövcuddur və onların ən geniş yayıldığı ərazi Qarabağdır. Yardımlı rayonu ərazisində isə kurqanların tədqiqatına son illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiya qrupu tərəfindən başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Artıq ərazidə beşdən çox kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.