MƏDƏNİYYƏT


Mühacirət yolu keçən bayraq REPORTAJ

1920-ci İlin aprelin 27-də Bakıya daxil olan bolşevik ordusunun ilk hücum hədəfləri dövlətin idarə olunduğu qurumlar idi. Azərbaycan Cümhuriyyətinin Parlamenti də bolşeviklərin silahlı basqınlarına tuş gəlmişdi.

Əfqan Vəliyev, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi
“1920-ci il aprelin 27-də bolşevik əsgərləri parlament binasına girərək üç rəngli bayrağımızı asıldığı yerdən endirib yırtmağa çalışıblar. Bu zaman parlamentdə stenoqraf vəzifəsində işləyən Mirzə Bala Məmmədzadə bolşeviklərin bu əməlinə mane olaraq bayrağı onların əlindən alıb”.

Bayrağımız üzərindəki qan ləkəsi həmin hadisələrin faciəviliyini sübut edən izlərdəndir. Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran Əfqan Vəliyev bildirib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparıb.

Əfqan Vəliyev, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi
“Mirzə Bala Məmmədzadə bu bayrağı bir müddət Bakıda mühafizə etdikdən sonra özü ilə İrana, Türkiyəyə, Polşaya, Almaniyaya aparıb. Sonrakı dövrlərdə Mirzə Bala Məmmədzadə ömrünün axırlarına yaxın yenidən Türkiyəyə qayıdıb. Məlumatlara görə, Mirzə Bala Məmmədzadə bayrağı şəxsi köməkçisi Eldəniz Kurtulana təqdim edib”.

Əfqan Vəliyev 1992-ci ildə Türkiyədə Azərbaycan Cümhuriyyəti ilə bağlı tədqiqat işi apardığı zaman Eldəniz Kurtulanla tanış olub. Mirzə Bala Məmmədzadənin yaxın dostu 1918-ci ildə parlamentdə asılan həmin bayrağı ona verib. Tədqiqatçı alim qeyd edib ki, 1918-ci ildə bayrağı gizlədən Mirzə Bala Məmmədzadə Bakı qoçularının köməkliyi ilə İranın Sulduz şəhərinə gedir. Bir müddət burada qaldıqdan sonra bolşeviklər Mirzə Bala Məmmədzadə harda gizlənməsi ilə bağlı məlumat əldə edirlər. İranda yaşayan Şirvanşahlar nəslinin davamçıları mühacir stenoqrafçını qorumaq üçün bolşevik agentlərinə yüksək məbləğdə rüşvət verərək onun Türkiyəyə getməsinə kömək edirlər. Mirzə Bala Məmmədzadə dünyasını dəyişəndə günümüzə kimi qorunub saxlanılan bayrağı yenidən Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi və onun bu arzusu 90 ildən sonra yerinə yetdi. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosiologiya elmləri doktoru Əfqan Vəliyev 97 ildən sonra 3 rəngli bayrağımızı Azərbaycan dövlətinə tədqim edib. Bayraq hazırda Dövlət bayraq muzeyində qorunub saxlanılır və indi hər kəs bu tarixi gözləri ilə görə bilir.