MƏDƏNİYYƏT


Karantin rejimindən sonra Azərbaycanda turizmi nə gözləyir AÇIQLAMA

2020-ci ilin yanvar və fevral aylarında Azərbaycana gələn turist sayında artım müşahidə edilsə də, mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, uçuşların təxirə salınması səbəbindən ölkəyə gələn turist axını dayanıb. Koronavirusa görə, bu il bir çox yerli turistlər xarici səyahətləri təxirə salıb. Pandemiyadan sonra da kütləvi halda xarici ölkələrə səyahət gözlənilmədiyindən insanların səyahət üçün daha çox regionlara üz tutacağı ehtimal olunur. Amma turizm məkanlarında gigiyena qaydalarına əməl etmək məcburi olacaq.

Kənan Quluzadə, Dövlət Turizm Agentliyinin mətbuat katibi

“Xüsusi sanitar-gigiyena qaydalarının tətbiqi üçün SAHMAN proqramı təklif edilib ki, bu proqramın tətbiqi nəticəsində Azərbaycan turizminin rəqabət imkanları daha da artırılacaq. Turizmin bərpası xüsusi kriteriyalarla olacaq. Əsas kriteriya insanların sağlamlığının qorunub təmin edilməsidir ki, həm kafe və restoranlarda, həm mehmanxana və mehmanxana tipli obyektlərdə, turislərə xidmət göstərən nəqliyyat vasitələrində xüsusi qaydaların tətbiq edilməsi təklif edilib və həmin qaydalara riayət edən obyektlərin üzərində SAHMAN leybli vurulacaq ki, turistlər ora gələndə bilsinlər ki, orada həm dezinfeksiya işləri keçirilib, həm qoruyucu tədbirlər görülüb, işçilərin gigiyenası, məsafə qorunur, nəqliyyatda oturma qaydaları və s. tətbiq edilir”.

Karatindən sonra istirahət və əyləncə mərkəzləri və digər turizm obyektlərinin artan tələbata tam şəkildə cavab verə bilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bunlardan biri “Macəra yaxındadır” kampaniyasıdır. Kampaniya çərçivəsində yerli turistlər turizm şirkətləri və hotellər tərəfindən təqdim olunmuş turizm zərflərindən yararlana biləcək.

Kənan Quluzadə, Dövlət Turizm Agentliyinin mətbuat katibi

“Biz yerli otellərlə, turizm şirkətləri, turizm assosiasiyaları ilə danışıqlar aparırıq ki, əhali üçün qiymətlər sərfəli olsun, hər kəz öz büdcəsinə uyğun olaraq həm regionlarda, həm Bakıda səhayətlərini qura bilsinlər. Kampaniya çərçivəsində yeni yanaşmalar da tətbiq ediləcək, bilirsiniz ki, Azərbaycanda turizm deyiləndə Bakıdan və regionlardan digər regionlara səfər etmək nəzərdə tutulur, amma Azərbaycanın ən çox turizm cəlb edən regionu elə Bakı və Abşerondur, regionlardan Bakıya gələn insanlar da turist ola bilərlər. Düzdür, insanlar daha çox qohumların evlərində qalırlar, özlərini turist kimi aparmırlar, Bakı otelləri də bu dövrdə şərait yaratsalar ki, Bakıya gələn insanlar öz büdcələrinə uyğun otellərin xidmətlərindən bəhrələnsinlər, əlbəttə, bu istiqamət də inkişaf edə bilər”.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş turizm sahəsində fəaliyyət göstərən biznes və sahibkarlara da dövlət tərəfindən dəstəyin göstərilməsi barədə qərar qəbul olunub, bu da karantin rejimindən sonra yaranacaq tələbatın qarşılanmasına müsbət təsir göstərə bilər.