MƏDƏNİYYƏT
“Suğra və oğulları” filminin ilk təqdimat videosu
Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib.
Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətləri ilə yaxından əməkdaşlıq edilən filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.
Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Maraqlı süjet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.