SİYASƏT


Keçmiş döyüşçüyə “Hərbi xidmətlərə görə” medalı təqdim edilib

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir. Azərbaycan Respublikası  Prezidentinin 25 iyun 2020-ci il tarixli Sərəncamı ilə 1996-cı ildə müdafiə mövqelərimizə düşmən basqının qarşısını alarkən yaralanaraq əlil olmuş Şərur rayonunun Aşağı Daşarx kənd sakini ehtiyatda olan kiçik çavuş Həsənov Aftandil Məmməd oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması növbəti qayğının ifadəsidir.
“Hərbi xidmətlərə görə” medalının təqdim edildiyi tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ehtiyatda olan kiçik çavuş Həsənov Aftandil Məmməd oğlunun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edildiyini diqqətə çatdırıb.