SİYASƏT


Ceyhun Bayramov: Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, imitasiya xarakteri daşımamalı, substantiv olmalıdır

Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpaqlarından Azərbaycan əhalisi qovulub, onların evlərində xaricdən, o cümlədən Yaxın Şərqdən köçürülən ermənilər yerləşdirilir.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib. O vurğulayıb ki, bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Danışıqlar prosesinin imitasiya xarakteri daşımamasının, məhsuldar şəkildə aparılmasının vacibliyini qeyd edən azərbaycanlı nazir deyib: “Biz hesab edirik ki, kifayət qədər ciddi normativ baza mövcuddur və danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və digər təşkilatların sonrakı illər qəbul etdikləri sənədlər əsasında aparılmalıdır. Bu baxımdan, biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq, lakin hesab edirik ki, danışıqlar olduqca konkret məsələlər ətrafında aparılmalı, imitasiya xarakteri daşımamalı, substantiv olmalıdır”.