MƏDƏNİYYƏT


“Azərbaycan II Dünya müharibəsi illərində” sərgisindən REPORTAJ

2020-ci ildə bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi 9 may – faşizm üzərində Qələbə Günü ərəfəsində “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi hazırlamışdı. Lakin COVID-19 pandemiyası ilə əlaqədar respublikada tətbiq edilmiş karantin tədbirlərinə görə sərgi ictimaiyyət üçün bağlı olub. Karantin tədbirlərinin yumşaldılması, muzey və sərgi zallarının açılması şəraitində faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş sərgi də öz qapılarını ziyarətçiləri üçün açıb. Sərginin materialları iki zalda yerləşdirilib. Birinci zalda Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında rolu əyani nümayiş olunur. Zalda ümumilikdə 20-yə yaxın informasiya panelində və 20 vitrində olan eksponatlar, həmçinin 15-ə yaxın açıq eksponat təqdim olunub. Sərginin ikinci zalında isə SSRİ, ABŞ və Almaniya ordularının müharibədə istifadə edilmiş hərbi geyim və ləvazimatları göstərilir. Zalda 26 vitrində manekenlər üzərində uniforma, eləcə də silah, ləvazimat və ilk dəfə olaraq müharibə dövrünün uniformaları nümayiş olunur. Belə ki, fərdi kolleksiyaçı Azad Hüseynovun illər boyu topladığı materiallar əsasında Sovet İttifaqı, ABŞ və Almaniya ordularının uniforma və ləvazimatları tərtib edilib. Zalda, həmçinin Xalq rəssamı Tahir Salahovun “416-cı atıcı diviziya Taqanroqu azad edir” adlı monumental rəsm əsəri, 10-ya yaxın açıq eksponat təqdim yer alıb. Muzey əməkdaşları tərəfindən tərtib edilmiş “Azərbaycan diviziyalarının döyüş yolu” adlı iriölçülü xəritə də diqqəti cəlb edir. Qeyd edək ki, sərgidə müharibə illərində mövcud olmuş Azərbaycan hərbi hissələrinin 10-dan artıq döyüş bayraqları da nümayiş olunur. Beləliklə, “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqının verdiyi töhfəni ani olaraq görməyə imkan yaradır.