CƏMİYYƏT


Abşeronda istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan N.Məhərrəmov çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan çox qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır