Elçin Əmirbəyov: Ermənistanın cinayətləri ilə bağlı video-foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub
30.10.2020 [15:38]
Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsi - həyat hüququnun pozulması ilə bağlı dolğun məlumatlar təqdim edib.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30-da Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.