CƏMİYYƏT


Gəncəyə raket hücumu nəticəsində anasını, atasını və nənəsini itirən balaca Nilay hələ də həmin dəhşətli anı xatırlayır

Mənfur düşmən cəbhədəki hər uğursuzluğundan sonra, müharibə bölgəsindən uzaqda yaşayan dinc azərbaycanlı əhalini hədəfə alır. Əsgərimizin cəbhədə qazandığı zəfərlərə sevinərkən bir gözümüz də taleləri qırılan, həyatları yarıda qalan insanların kədərinə ağlayır. Oktyabrın 11-də erməni silahlı birləşmələrinin Gəncə şəhərini gecə saat 2-də “Elbrus” raketi ilə hədəf alması nəticəsində həlak olan Günay Əliyevanın anası Sevil Babazadə həmin gecəni hələ də göz yaşları ilə xatırlayır. Sevil xanım deyir: “Partlayışı eşidəndən sonra tez evə zəng vurdum. Telefon çağırdı, amma cavab verən olmadı. Durduq, getdik. Hələ yarı yolda gördüm ki, binadan tüstü qalxır. Ora çatanda dedilər ki, bu evdən bir azyaşlı uşaq, bir də oğlan çıxarıblar. Qızımla qaynanası dağıntı altında qalmışdı, qızımı mənim gözümün qabağında çıxardılar”. Həmin gecə dağıntılar altından xilas olunan iki yaşlı Nilay Əliyeva möcüzə nəticəsində sağ qalsa da, onun atası Adil Əliyev, anası Günay Əliyeva və ata nənəsi Afaq Əliyeva həyatını itirdi. Nilay hələ olanları dərk edəcək yaşda deyil, ancaq hər iki valideynini itirən qızcığazı günlərlə sakitləşdirmək hələ də mümkün olmayıb.