MƏDƏNİYYƏT


İşğaldan azad olunmuş torpaqları görmək istəyənlər üçün turlar təşkil edilə bilər

Qarabağın turizm potensialı çox zəngindir. Bu regionda turizmin inkişaf etdirilməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməlidir. Azərbaycan əhalisi doğma torpaqlarına qayıtdıqdan və infrastruktur yaradıldıqdan sonra bura yerli və xarici turistləri cəlb etmək olar. Təbii ki, ermənilər tərəfindən dağıdılan tarixi və mədəni abidələrimizin bərpası da bura daxildir. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirir ki, artıq Qarabağ üzrə bələdçilərin hazırlığı başlayıb, amma turizmlə bağlı məsələlər ilkin mərhələdədir. İlk növbədə insanların öz doğma yurdlarını ziyarət etməyi üçün müxtəlif turlar təşkil oluna bilər.

Kənan Quluzadə, Dövlət Turizm Agentliyinin mətbuat katibi

“İlk növbədə təhlükəsizlik məsələsidir ki, təmin edildikdən sonra ziyarət turları olacaq, müxtəlif marşrutlar tətbiq ediləcək, bizim təklif etdiyimiz maraqlı marşrutlardan biri “Qəhrəmanların marşrutu”dur, bizim qəhrəmanlarımız torpaqların azadlığı üçün hansı dəhlizlərlə gediblərsə, o üzrə marşrutlar qurmaqdır. İnsanların bir çoxu, əlbəttə, doğma kəndlərini ziyarət edəcəklər. Əlbəttə, onların ziyarəti turizm deyil. Amma geniş şəkildə, nəinki yerli əhalimiz, nə vaxtsa ordan köçmüş insanlar, onların ailə üzvlərinin getməyi başqa, Azərbaycanın regionlarından da insanlar gedib Zəngilanı, Qubadlını, Şuşanı, Kəlbəcəri görmək istəyəcəklər, bunun üçün marşrutlar planlaşdırılacaq, imkanlar yaradılacaq”.
Növbəti mərhələdə isə xarici turistlər Qarabağa cəlb olunacaq. Əsas məqsəd isə Qarabağı Azərbaycan torpaqları kimi xarici turistlər arasında təbliğ etməkdir. Bu halda Qarabağı qeyri-qanunu ziyarət etməkdən çəkinən turistlər də bura üz tuta biləcəklər.

Kənan Quluzadə, Dövlət Turizm Agentliyinin mətbuat katibi 

“Həmin regionun zəngin potensialını nəzərə alaraq ora turistlərin marağı böyükdür. İşğal altında olanda o torpaqlara ermənilər çalışırdılar ki, hansısa turlar təşkil etsinlər, daha çox öz diasporalarının nümayəndələri ora səfər edirdi, rəqəmlər elə də böyük deyildi, onların özlərinin marşrutları var idi, hansı ki, erməni özəlliklərini təbliğ edirdilər. Əlbəttə, Azərbaycanın təqdim etdiyi məhsullar sırf orda olan real Azərbaycan tarixi, mədəniyyəti, bizim qonaqpərvərliyimizlə yeni məhsullar yaradılıb təqdim ediləcək”.