MƏDƏNİYYƏT


“Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyasından nümunələr Sofiyada nümayiş olunub

Azərbaycanın məşhur dizayneri Gülnarə Xəlilovanın “Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyasından nümunələr Sofiyada təşkil olunan beynəlxalq dəfilədə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi və bolqarıstanlı rəssam Petya İlievanın birgə təşkilatçılığı, həmçinin Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburqunun (II Simeon) himayədarlığı ilə Sofiyada “Diplomatiya üçün incəsənət” təşəbbüsü çərçivəsində daha bir uğurlu layihə həyata keçirilib. Layihədə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklər iştirak ediblər. Tədbirdə ölkəmizin də milli geyimləri nümayiş olunub. Dəfilədə səfirlik ölkəmizin aparıcı modelyerlərindən olan və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyasından olan geyim nümunələri ilə təmsil olunub.