Qızı şəhid Elçinin həsrətində olduğu Şuşanın adını daşıyacaq
08.12.2020 [16:15]
Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan qəhrəman oğullarımızdan biri də kapitan Elçin Ağayevdir. Suqovuşan istiqamətində gərgin döyüşlərdə iştirak edən komandir sonda arzuladığı şəhidlik zirvəsinə ucalır. Şəhidin doğulub boya-başa çatdığı Cəlilabadın Günəşli kəndində olan əməkdaşlarımız ailəsi ilə görüşüb, söhbətləşiblər.AZƏRTAC xəbər verir ki, Elçin Ağayevin doğulduğu 1993-cü il mənfur qonşularımızın doğma torpaqlarımızı işğal etdiyi dövrlərə təsadüf edir. Böyüdükcə xalqımızın başına gətirilən müsibətlərdən xəbərdar olan Elçin, işğalda olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə tələsirdi. 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vuran gənc leytenant təyinatını da öz istəyi ilə cəbhə bölgəsinə alır.