CƏMİYYƏT


Paytaxtda 7 mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami RPİ-nin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən içərisində 25000 manat, 1200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyf oğurlanıb.
Şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb. Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub. Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr əvvəllər dəfələrlə məhkum olunmuş, Sabunçu rayon sakini Sadiq Həsənov tərəfindən törədilib. 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib. Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38800 manat, 1200 dollar və 177000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.