Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

02.10.2026 [15:19]

Xəbərin mətni

Hazırda quru, su, hava və kosmik məkanla bərabər kiberməkan da döyüş məkanlarından biridir. Həmin sahədə APT qrupların kiberkəşfiyyat əməliyyatları, müxtəlif kritik infrastrukturlara hücumlar həyata keçirilir. Müasir dövrdə süni intellektin inkişafı ilə paralel kvant dövrünə artıq hazırlaşmalıyıq. Kvant dövrünü qarşılamaq üçün biz post kvant kriptoqrafik alqoritmlərinə keçid etməliyik. Bunların hamısı bizi gözləyən təhdidlərdir və biz bunlara hazır olmalıyıq. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq, həmin sahədə fəaliyyətlərimizin daha da təkmilləşdirilməsi istiqamətində işlər görürük. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Nadir Novruzov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.