CƏMİYYƏT
Əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid polkovnik Zaur Nudirəliyev
Qırx dörd günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının da misilsiz xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsindən öncə düşmən öz silahlanmasına yeni nəsil hava hücumundan müdafiə vasitələri daxil etdiyindən Azərbaycan Ordusunun, Hərbi Hava Qüvvələrinin ehtimal olunan hücumu zamanı düşmənin hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi başlanğıc və ən vacib döyüş tapşırığı idi. Buna nail olmaq üçün Hərbi Hava Qüvvələrinin bütün güc və vasitələri səfərbər edildi. Düşmənin hərbi hava qüvvələri sistemlərinin məhv edilməsində “Su-25” hücum təyyarələrinin də iştirakı nəzərdə tutulmuşdu. Bu məqsədlə Hərbi Hava Qüvvələrinin komandanlığı tərəfindən “Su-25” hücum təyyarələrində yeni taktiki üsullardan istifadə olunması tapşırığı verildi. Komandanlıq tərəfindən bu iş polkovnik Zaur Nudirəliyevə tapşırıldı.