SİYASƏT


Vətən müharibəsində yaralanan hərbiçilər belə müalicə alır

Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti altındadır. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb yaralanan qazilərimizin bir qismi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımızın tezliklə sağlamlıqlarına qovuşması üçün tibb heyəti gecə-gündüz çalışır. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimovun sözlərinə görə, müharibə dövründə hərbi tibb işçiləri böyük qəhrəmanlıqlar göstərib. Həkimlərin vaxtında, bir-başa müdaxiləsi nəticəsində ağır yaralı xəstələrimizin həyatlarını xilas etmək mümkün olub. Onlar bu günə kimi müalicələrini davam etdirirlər. Hazırda ən müasir avadanlıqlarla təmin olunmuş reabilitasiya-bərpa mərkəzləri fəaliyyət göstərir. Yaralı hərbi qulluqçulara həmin mərkəzlərdə peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir sıra hərbi qulluqçular müalicə prosesi başa çatdıqdan sonra xidməti davam etdirmək üçün Silahlı Qüvvələrimizin sıralarına qayıdacaqlar.