CƏMİYYƏT


Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirib. Daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Vüsal Həşimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 015 qram olan narkotik vasitə heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Vüsal Həşimov şəxsiyyəti istintaqa məlum olmayan tanışlarından biri ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin tanışının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. V.Həşimov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. V.Həşimov tutularaq istintaqa cəlb olunub. Aşkar edilən külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır