Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavənddə xeyli sayda silah-sursat aşkar edilərək götürülüb

27.02.2021 [14:49]

Xəbərin mətni

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb.