CƏMİYYƏT


Daha bir ödəmə terminalını oğurlayan şəxslər tutuldu

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassasından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb. Hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 40-cı Polis Bölməsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri birgə əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar. Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.