İQTİSADİYYAT


Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur

Dövlət başçısının tapşırığına uyğun olaraq, respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində həyata keçirilən layihələrdən bəziləri Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonunun Dərəcənnət və Təpəcənnət, Yevlax rayonunun Qaraoğlan və Quşçu, Ucar rayonunun Alpı və Qulabənd, Zərbad rayonunun Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonunun Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb. Layihəyə əsasən, sözügedən kənd yollarının ümumi uzunluğu 61.7 kilometdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 metr olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 metr olmaqla 3 metrə bərabərdir.