İQTİSADİYYAT


Sulutəpədə 7,1 kilometrlik küçə və yolların təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ildə Binəqədi rayonu üzrə uzunluğu 15 kilometrdən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə rayonun Sulutəpə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Sözügedən qəsəbə üzrə ümumi uzunluğu 7,1 kilometr təşkil edən küçə və yolların əsaslı təmiri məqsədilə əraziyə lazımi sayda qüvvə cəlb olunub. Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib. Belə ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.