İQTİSADİYYAT


Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunur

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda 2 kilometr uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində küçəboyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kvadratmetr təşkil edir.