İQTİSADİYYAT
Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib
29.05.2021 [14:55]
"8 Noyabr" metro stansiyasının açılışı ilə "Bakı Metropoliteni" QSC-nin stansiyalarının sayı 26-a, istismarda olan tunellərinin uzunluğu isə 40 km-ə çatıb. Belə ki, stansiyanın başlanğıcını Bakının Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq, 12 stansiyadan və 18,5 km uzunluğunda tuneldən ibarət Bənövşəyi xəttin 3-cü stansiyasıdır. Ümumilikdə 17 eskalator və 3 liftdən ibarət olan stansiya 3 səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb. Həmçinin, “8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib. Bu stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib, ərazi fasiləsiz elektrik enerji təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqonluqdur. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, mayın 31-dən istifadəsinə başlanılacaq “8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq.