İQTİSADİYYAT


Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa olunub

Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.
Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb.