İQTİSADİYYAT


Biləsuvarda intensiv texnologiyalardan istifadə fermerlərin işini asanlaşdırıb

Biləsuvarda intensiv texnologiyalardan istifadə edilməklə kənd təsərrüfatı məhsulları istehsal edilir. Rayonda fəaliyyət göstərən Aqroparkda bu ildən innovativ yeniliklərə əsaslanan növbəli əkin prinsipi ilə qeyri-ənənəvi bitkilər də becəriləcək.
AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Biləsuvarda yaradılan “Yaşıl ADA” aqroparkında əkin üçün 4 min 200 hektara yaxın torpaq sahəsinin təyinatı dəyişdirilib. Mənbəyi Araz çayından götürülən 54 km uzunluğunda Orta Muğan beton kanalı və Cənubi Muğan kanalı əkin sahələrinin suvarma suyu ilə təminatında əhəmiyyətli rol oynayır. Builki mövsümdə ərazidə müxtəlif kənd təsərrüfatı məhsulları ilə yanaşı, rayon üçün ənənəvi olmayan sarımsaq bitkisi 21 hektar, qarğıdalı bitkisi isə iki dəfəyədək artırılıb.