İQTİSADİYYAT


Paytaxtın Nizami rayonunda 5 küçə təmir olunub, daha 2 küçədə isə işlər davam etdirilir

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən, Bakı şəhərində təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Nizami rayonunda 5 küçədə təmir işləri yekunlaşdırılıb, daha 2 küçədə isə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Nizami rayonunda ümumi uzunluğu 5,5 kilometr olan 7 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulur, bəzi küçələrdə artıq bu işlər icra olunub. Bu, Rizvan Teymurov küçəsinin 1200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Əliağa Kürçaylı küçəsinin 600 və Mikayıl Əliyev küçəsinin 600 metr uzunluğa malik hissələridir. Hazırda Nizami rayonu üzrə Cəmşid Naxçıvanski küçəsinin 1000 metr, həmçinin Bəhruz Nuriyev küçəsinin 900 metr uzunluğa malik hissələrində əsaslı təmir işləri aparılır. Hər iki küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.