İQTİSADİYYAT


Tərtərdə 5 yaşayış məntəqəsinin yolları əsaslı şəkildə yenidən qurulur

Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması sonuncu mərhələ üzrə davam etdirilir.
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Çünki bundan öncə yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem köklü şəkildə aradan qaldırılır.