İQTİSADİYYAT
Biləsuvar gömrük postunda 527 kiloqram heroin aşkar edildi
Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Latviya Respublikasına “kimyəvi maddə və quruducu qatqı” yükü aparan İran İslam Respublikası vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi “Renault” markalı “JJ056WW/FF106T” dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.
Nəticədə, avtomobildə olan paletlərdəki 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 105 ədəd şəffaf paketə qablaşdırılmış maye halında, tünd qəhvəyi rəngli, spesifik qoxu ilə müşayiət olunan narkotik vasitə - heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.