SİYASƏT
Kəlbəcər rayonunda yeni hərbi infrastruktur istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak edib.
Hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, burada şəxsi heyət üçün lazımi şərait yaradılıb. İnfrastruktur bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, əşya anbarları, məişət otağı, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Bina işıq, su və kommunikasiya xətləri, o cümlədən mərkəzi istilik və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. İqlim şəraitinin daha sərt olması nəzərə alınaraq yataqxanalarda əlavə olaraq müasir odun sobaları da quraşdırılıb.