İQTİSADİYYAT


TARSİM Ağalı kəndində aqrar sığorta mexanizmi üzrə atılacaq addımlarla bağlı layihələr təqdim edəcək

Türkiyənin kənd təsərrüfatı sığortaları sistemi – TARSİM-in İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti işğaldan azad olunmuş Zəngilan rayonunun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilir. Ərazidə 200 fərdi yaşayış evi, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı olacaq.