Çinin “JD.com” elektron ticarət platformasında “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb
24.02.2022 [10:15]
Dünyanın ən böyük istehlak bazarlarından olan Çinin elektron ticarət platformasındakı ticarət evində Azərbaycanın dadı və keyfiyyəti ilə seçilən qida və kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. “JD.com” elektron ticarət platformasında “Azərbaycan Ticarət Evi”nin yaradılması ölkəmizin Çindəki səfirliyində ticarət nümayəndəsi aparatının “JD.com” şirkəti ilə ötən ilin iyununda imzaladığı strateji əməkdaşlıq Sazişinə uyğun reallaşıb. 1998-ci ildə təsis edilən “Jingdong Century Trading Co.” şirkətinin elektron ticarət platforması təkcə Çini əhatə etmir. Onun dünya üzrə 17 milyon kvadratmetr anbar və logistika mərkəzi, 220 mindən çox əməkdaşı var. Aktiv müştərilərinin sayı təxminən 400 milyondur. Bu cür böyük elektron ticarət platformasında “Azərbaycan Ticarət Evi”nin fəaliyyəti ölkəmizin rəqabətqabiliyyətli məhsullarını Çində daha çox istehlakçı üçün əlçatan edir. “Azərbaycan Ticarət Evi”ndə şərab, nar şərabı, digər spirtli içkilər, meyvə şirələri, kompot, mürəbbə, turşu və sair təklif olunur.