SİYASƏT


AZƏRTAC 102 yaşını yeni binada qeyd edir

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 102 yaşı tamam olur. Bir əsrdən çoxdur ki, agentlik Azərbaycanın salnaməsini yazır: günbəgün, saatbasaat. Onun bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, göz önündə ölkəmizin və xalqımızın müxtəlif dövrlərdə keçdiyi yolun dolğun mənzərəsi yaranardı. Bu gün dünya informasiya məkanında layiqli yer tutan, beynəlxalq və regional media orqanlarında fəal təmsil olunan 102 yaşlı AZƏRTAC yaranışının növbəti ildönümünü Prezident İlham Əliyevin Sərəncamı ilə tikilərək ötən ilin sonlarında açılışı olmuş dünya standartlarına uyğun, hər cür şəraitə malik yeni binada qeyd edir.