CƏMİYYƏT


Bakıxanov qəsəbəsində 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb

Bakıda çoxmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Nurəddin Abıyev saxlanılıb. Tutulan zaman ondan heroin də aşkar edilib. Keçirilən əməliyyat nəticəsində onun Bakıxanov qəsəbəsi ərazisində 10-a yaxın çoxmərtəbəli binanın liftlərinin naqillərini kəsərək oğurladığı məlum olub. Nurəddin Abıyev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır