CƏMİYYƏT


Vilayət Eyvazov Lənkəranda növbəti qəbul keçirib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Daha sonra Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının 71 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.