CƏMİYYƏT


Neftçala və Salyanda 1100-dən çox insan qətlə yetirilib

1918-ci ilin mart-aprel aylarında bolşevik-daşnak birləşmələri təkcə Bakıda deyil, bir çox bölgələrdə olduğu kimi, Neftçala və Salyan rayonlarında da dəhşətli faciələr törədiblər.
AZƏRTAC xəbər verir ki, qırğınlar zamanı Mərkəzi Kaspi Diktaturasının Salyan qəzasının ərazisindən keçən Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün Bakıdan göndərdiyi 6 gəmi Bankə qəsəbəsinə kimi gəlib çıxıb. Tarixi sənədlərə görə 5 top, 14 pulemyot, 900 silahlı əsgəri olan bolşevik-daşnak birləşmələri Salyana doğru hərəkət edərkən Kürün sağ və sol sahillərində yerləşən bir çox kəndlər məhv edilib. Beləliklə, Neftçalanın Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəllə, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kürqarabucaq, Salyanın Ərəbqardaşbəyli və Kürqaraqaşlı kimi, onlarla yaşayış məntəqələri daşnaklar tərəfindən yandırılaraq külə döndərilib.