CƏMİYYƏT


Niyaldağ silsiləsində daha bir torpaq uçqunu olub

Bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hündür dağlardan gələn torpaq və iri daş parçaları avtomobil yolunda böyük əraziyə tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb. Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə təmizlənib, saat 13 radələrində avtomobillərin keçidi təmin olunub.