CƏMİYYƏT


Abşeronda yerləşən ət kombinatlarından birindən 80 tondan artıq ət oğurlayan şəxslər saxlanılıblar

Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən oğurluq edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar. Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.