CƏMİYYƏT


Azərbaycanda ilk dəfə Qarabağ cins atları auksion vasitəsilə satılıb

Aprelin 15-də “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Azərbaycanda ilk dəfə olaraq Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçirilib. Auksionda yerli təsərrüfat sahibləri, sahibkarlar və fermerlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılıb və satış auksion formatına uyğun olaraq keçirilib. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumat verilib. Atların Ağdam Atçılıq Zavodunda və şəxsi klublarda yetişdirildiyi bildirilib. Yaxın 2-3 ay ərzində Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacağı da vurğulanıb.