İQTİSADİYYAT


Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb.
Agentlikdən verilən məlumata görə, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.