Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmiri yekunlaşıb

14.06.2022 [20:24]

Xəbərin mətni

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmir işləri yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1300 metr, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.