SİYASƏT


“Şuşa İli” çərçivəsində Vyetnamın media qurumları məlumatlandırılıb

Azərbaycanın Vyetnamdakı səfirliyində “Şuşa İli” ilə bağlı tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnam jurnalistlərinin peşə bayramına təsadüf edən tədbirdə ölkənin nüfuzlu media qurumlarının rəhbərləri və təmsilçiləri, Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edən jurnalistlər iştirak ediblər. Tədbirin bu formatda keçirilməsinin əsas məqsədi Şuşa şəhərinin xalqımızın tarixi və mədəniyyətindəki rolu, habelə Azərbaycanın mədəni, dini və tarixi abidələrinin Ermənistan tərəfindən dağıdılması barədə məlumatların yerli media vasitəsilə Vyetnam ictimaiyyətinin diqqətinə çatdırmaq olub. Bu məqsədlə tədbirdə Şuşa şəhəri haqqında və Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə videoçarxlar nümayiş etdirilib, Ermənistanın Azərbaycanın tarixi, dini və mədəni abidələrini dağıtmasını əks etdirən fotosərgi təşkil olunub, iştirakçılara kitab və bukletlər paylanılıb.