SİYASƏT


Tovuz döyüşləri şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın hərb tarixində müstəsna yeri olan Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində, eləcə də Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində silsilə tədbirlər həyata keçirilir. Şəhidlərin məzarları və ailələri ziyarət olunur, bu döyüşlərin Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müstəsna əhəmiyyəti geniş qeyd edilir.
Müdafiə Nazirliyinin, Abşeron və Xətai rayon İcra Hakimiyyətlərinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri İkinci Şəhidlər xiyabanına gedərək Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin, o cümlədən respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.