İQTİSADİYYAT


“Laçın” Qovşaq Yarımstansiyası Laçın şəhərini və ətraf kəndləri fasiləsiz elektrik enerjisi ilə təchiz edəcək

Prezident İlham Əliyev ötən gün - sentyabrın 21-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlini atıb.
AZƏRTAC-ın bölgə müxbiri yarımstansiyanın tikiləcəyi ərazidə olub, görüləcək işlərlə maraqlanıb.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyası Laçın şəhərini və ətraf kəndləri Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, onları dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz etmək məqsədi daşıyır. Şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək.