CƏMİYYƏT


Balakəndə Yol Polisi reyd keçirib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əsasən hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan,  sürücülük hüququ olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülər müəyyən olunub. Qanunvericiliyin tələbləri onlara izah edilib və avtomobillər özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.  

Keçirilən tədbirlər zamanı istifadələrində olan “VAZ-2107” markalı avtomobillərdə konstruksiya dəyişikliyi edən, şəhər ərazisində kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan və bu əməllərini sosial şəbəkələrdə paylaşan rayon sakinləri Yusif Əzizov və Tural Məmmədov da saxlanılıb.  Yoxlama zamanı məsuliyyətdən yayınmağa çalışan Yusif Əzizov polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Hər iki şəxs polis şöbəsinə dəvət edilib, T.Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb, Y.Əzizov barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o,10 sutka inzibati həbs olunub.

Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.