CƏMİYYƏT
Su polisləri İrandan "Kalaşnikov" gətirən şəxsi tutdu
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən “Kalaşnikov” avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib.
Belə ki, İdarəyə xidməti ərazi olan Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir nəfərin İranda yaşayan “Nadir” adlı şəxslə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra İran vətəndaşının əvvəlcədən təyin etdiyi nöqtəyə yaxınlaşan onun ölkə daxilində məxfi əməkdaşlığa cəlb etdiyi şəxs gizlədilən narkotik vasitə və avtomatı axtarmağa başlayır. Bu zaman o, İran vətəndaşı ilə əlaqə yaradaraq silahın və narkotiklərin yerini dəqiqləşdirir.Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılır. Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub.Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib.