CƏMİYYƏT


Sabirabadda ağır qəza: 2 ölü, 3 yaralı

Sabirabadda iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən biri yanıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində baş verib. Nərimankənd kənd sakini Emin Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını və Saatlı rayon Orta Muğan kənd sakini Ramazan Muxtasanovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin gücündən "VAZ 2107" markalı avtomobil yanmağa başlayıb, sürücü Emin Abdullayev və sərnişin, Nərimankənd kənd sakini Elşad Rzayev hadisə yerində ölüblər.