İQTİSADİYYAT


Hacıqabulda "Minik avtomobillərinin istehsalı" layihəsinin təməli qoyulub

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, “Azərmaş CP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Özbəkistanın “Uzavtosanoat" Səhmdar Cəmiyyətinin dəstəyi ilə reallaşdıracağı layihənin investisiya dəyəri 88 milyon manatdır. Müəssisə tam olaraq “Azərmaş CP” MMC tərəfindən maliyyələşdirilir. ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. İstehsal xəttinin 2025-ci ildə açılması planlaşdırılır. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara çıxarılacaq.